Haqqımızda
Ana Səhifə / Klinika
![](https://atuclinic.az/wp-content/uploads/2023/07/WhatsApp-Image-2023-07-11-at-11.34.11.jpeg)
Haqqımızda
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 sentyabr 2007-ci il tarixli Sərəncamı əsasında inşa edilən, respublikada analoqu olmayan tədris, elmi-tədqiqat, müalicə və diaqnostika işlərini özündə birləşdirən, unikal bir universitet klinikasıdır.2007-ci il sentyabr ayının 18-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti,YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın iştirakı ilə klinikanın təməlqoyma mərasimi keçirilmiş,2010-cu il oktyabrın 1-də isə rəsmi açılışı olmuşdur.
Ümumi sahəsi 25000 m2 olan, 15 mərtəbəli çoxprofilli Tədris Terapevtik Klinikanın 6 terapiya, 3 pediatriya, 1 nevrologiya və 1 reanimasiya və intensiv terapiya şöbəsində,eləcə də angioqrafiya,endoskopiya şöbələrində, kompyuter tomoqrafiya, rəqəmsal rentgenoqrafiya, mammoqrafiya, densitometriya, tredmil-doppler exokardioqrafiya, elektrokardioqrafiya, ultrasonoqrafiya, elektroensefaloqrafiya ,fizioterapiya bölmələrində,klinik-diaqnostik laboratoriyada,efferent terapiya mərkəzində terapevtik, pediatrik və nevroloji yönümlü bütün xəstəliklərin müasir dünya standartlarına uyğun diaqnostikası, müalicəsi, reablitasiyası aparılır.
Bunun üçün klinikada Amerikanın, Yaponiyanın, Almaniyanın, Türkiyənin, Cənubi Koreyanın aparıcı şirkətlərinin istehsalı olan müasir angioqrafiya, kompyuter tomoqrafiya, rəqəmsal rentgenoqrafiya, mammoqrafiya, densitometriya, fibroqastroskopiya, fibrobronxoskopiya, kolonoskopiya, rektomonoskopiya, tredmil-doppler exokardioqrafiya, elektrokardioqrafiya, ultrasonoqrafiya, elektroensefaloqrafiya, hemosorbsiya, plazmafarez, hemodializ, qaraciyərin və böyrəklərin birbaşa punksion biopsiya aparatları, eləcə də, klinik biokimyəvi, mikrobioloji (bakterioloji, mikoloji, virusoloji, parazitoloji), immunoloji, allerqoloji, hematoloji tədqiqatları, həmçinin genetik müayinələri (polimerazalı zəncirvari reaksiya, elektroforez, sekvenləşdirmə və s.) aparmaq üçün laborator avadanlıqlar quraşdırılmışdır. Reanimasiya və İntensiv terapiya şöbəsi ən müasir avadanlıqlar, o cümlədən süni tənəffüs aparatları, defibrilyatorlarla təchiz olunmuşdur. Klinikada respublikanın bütün şəhər və rayonlarından olan xəstələrə tibbi xidmət göstərilir.
Klinikada xəstələrin müayinə və müalicəsi ilə
20 tibb elmləri doktoru, 126 tibb üzrə fəlsəfə doktoru, o cümlədən 19 professor, 49 dosent, 9 əməkdar elm xadimi, 9 əməkdar həkim, bütövlükdə 220 yüksək ixtisaslı həkim məşğul olur.
Onların icərisində əməkdar elm xadimləri professorlar: Rafiq Məmmədhəsənov, Şərif Mahalov, Əlihüseyn Hidayətov, Cəbrayıl Məmmədov, Amaliya Eyyubova, İbrahim İsayev, Sahib Musayev, respublikanın Əməkdar həkimləri professorlar: Yaqub Qurbanov, Bahadır Baxşiyev, İsfəndiyar İsmayılov, Vəsadət Əzizov, Mehman Ağayev, professorlar: Zakir Əliyev, Fərhad Talıbov, Murad Baxşıyev,tibb elmləri doktoru Hüseyn Qabulov kimi dünyanın qabaqcıl klinikalarnda və elm mərkəzlərində yetişmiş alim-həkimlər yüzlərlə ağır xəstələri həyata qaytarmış ailələrə səadət bəxş etmişlər.
Reananimasiya və İntensiv Terapiya Şöbəsi
Devizi “Yüksək peşəkarlıq, dəqiq müayinə və keyfiyyətli müalicə” olan Tədris Terapevtik Klinkada tibb elminin ən son nailiyyətləri və müasir tibbi texnologiyalardan istifadə olunaraq qabaqcıl, mütərəqqi müalicə üsulları tətbiq edilir.
Klinikanın ən vacib bölmələrindən biri REANİMASİYA VƏ İNTENSİV TERAPİYA ŞÖBƏSİDIR. Şöbədə uşaqlar və böyüklər üçün ayrı-ayrı reanimasiya və intensiv terapiya otaqları fəaliyyət göstərir.Bu şöbəyə həyati vacib funksiyaları dayanmış, yaxud kəskin pozulmuş və ya pozulması gözlənilən xəstələr yerləşdirilir və onlara 24 saat ərzində xidmət göstərilir. Reanimasiya və intensiv terapiya şöbəsi yüksək texnologiya ilə təchiz olunan bir sistem əsasında qurulmuşdur.
Şöbədəki Cihazlar
Şöbədə effektiv və sürətli reanimasiya və intensiv terapiya xidmətləri göstərmək üçün defibrilyatorlar (Defi Monitor XD “Primedik”, Almaniya), portativ rentgen cihazı (BLD-31C, Koreya), infuzomatlar (Medifuzion MP-1000, Daiwha Corp, Koreya), perfuzorlar (Syringe infuzion pamp MS-2200, Daiwha Corp, Koreya) və s. müasir cihazlar mövcuddur.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycanda tibbi kadrlar hazırlayan Azərbaycan Tibb Universitetinin klinik fənləri tədris edən bir çox kafedralarının hal-hazırda Bakı şəhərinin müxtəlif rayonlarının ərazisində yerləşməsi tədris prosesinin təşkilinə mənfi təsir göstərir.
Klinik fənlərin tədrisi ilə məşğul olan kafedraların vahid mərkəzdə cəmləşdirilməsi, tədrisin keyfiyyətinin və maddi-texniki təchizatının əsaslı şəkildə yaxşılaşdırılması, həmçinin elmi tədqiqat işlərinin aparılması üçün əlavə imkanlar yaradılması məqsədilə qərara alıram:
1. Bakı şəhərində Azərbaycan Tibb Universitetinə məxsus ərazidə universitetin çoxprofilli tədris-terapevtik klinikası yaradılsın.
2. Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan tikinti işlərinin başlanması üçün Azərbaycan Tibb Universitetinə 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılsın.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 2-ci bəndi ilə ayrılmış vəsaitin maliyyələşdirilməsini təmin etsin və tikintinin başa çatdırılması üçün növbəti illərdə dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutsun.
4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri,
11 sentyabr 2007-ci il