29 fevral ATU-nun Tədris Terapevtik Klinikasında Azərbaycan – Türkiyə Ortepediya Günləri çərçivəsində elmi konfrans keçirilib. Klinikanın direktoru Fərid Eyvazov, Türkiyənin tanınmış professorları Prof.dr Vedat Şahin, Prof.dr Ulunay Kanatlı, Prof.dr Muhammet Baybars Ataoglu, Dos.dr Mehmet Ali Tokgöz, Dos.dr Mustafa Özer, Dos.dr Baran Sarıkaya, Dr.İnci Hazal Sarıkaya və Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş həkimi t.ü.f.d. Kamil Eyvazov tələbələrlə görüşüb.
Konfransın işində müalicə metodlarının müzakirəsi
Azərbaycan Tibb Universitetinin və Türkiyənin Qazi Universitetinin birgə təşkilatçılığı ilə baş tutan tədbiri giriş sözü ilə klinikanın direktoru Fərid Eyvazov açıb. O, ortopediyanın aktual problemlərinə həsr olunan konfransın tələbə və rezidentlər üçün xüsusilə əhəmiyyətli olacağını vurğulayıb. Hələ 15-20 il əvvəl Türkiyədə təhsil alarkən bu formatda keçirilən konfranslardan yetərincə yararlandıqlarını xatırladıb. Eyni zamanda Azərbaycan Tibb Universiteti ilə Qazi Universiteti arasında imzalanan memorandumun elmi və mütəxəssis mübadiləsindəki rolundan danışaraq, tələbə və rezidentləri ikitərəfli müqavilənin imkanlarından faydalanmağa çağırıb və konfransın işinə uğurlar arzulayıb.
Seminar tələbələr tərəfindən böyük maraqla qarşılanıb. Səhiyyə və tibbi peşəkarlığın artırılması məqsədi ilə birgə fəaliyyətin vacibliyi haqqında fikirlər irəli sürülüb. Türkiyə Sümük-Oynaq Cərrahiyyəsi Cəmiyyətinin rəhbəri, professor Vedat Şahin: “Qardaş Azərbaycanda olmaqdan böyük məmnuniyyət duyuram. İki ölkə ortopedləri arasındaki əlaqələr türk dünyası üçün xüsusi önəm daşıyır. Dosent Baran Sarıkayanın xalq arasında sümük iltihabı və ya sümük iliyi iltihabı kimi də adlandırılan osteomielit xəstəliyi haqqında məruzəsi dinlənilib.
Dosent Baran Sarıkayan sümük iltihabının əlamətlərindən və yaranma səbəblərindən danışıb: “lkin və ən aşkar simptomu ağrıdır. Sümüyün yerləşdiyi yerə toxunarkən ortaya çıxan və ya sümüyün yerləşdiyi nahiyənin hərəkəti zamanı hiss edilə bilən ağrılar sümük iltihabının göstəricisidir. Bir neçə həftə ərzində öz-özünə sağalmayan, uzun müddət davam edən sümük və oynaq ağrıları ciddi şəkildə diqqətə alınmalıdır. Həmçinin dərhal müayinə üçün müraciət edilməlidir”.
Sümük iltihabı diaqnozu qoyulmuş xəstələrdə xəstəliyin daha da irəliləməsinin qarşısını almaq məqsədilə müalicəyə dərhal başlanılmalı olduğunu da qeyd edib. Mütəxəssis müalicənin sxeminin xəstəliyin şiddətinə görə təyin edildiyini də vurğulayıb: “Yüngül gedişli sümük iltihablarında təkcə antibiotik müalicəsi yetərlidir. Müəyyən səviyyəyə qədər irəliləmiş osteomielit xəstələrində isə daha çox infeksiyalaşmış ölü sümük toxumalarının cərrahi əməliyyatla çıxarılması lazımdır. Ardından stasionar şəraitdə intravenöz yolla antibiotik müalicəsinin aparılması məqsədə uyğundur”.
Travmalar, onların yaranması, anadangəlmə qüsur və hərəkət funksiyalarının bərpası məqsədilə oynaqların patologiyasının operativ müalicə metodları müzakirə olunub.
Sessiyalar 3 gün davam edəcək
Türkiyəli mütəxəssislər ortopediyanın müxtəlif istiqamətlərinə dair öz təcrübələrini tədbir iştirakçıları ilə bölüşəcəklər. Ortopediya günlərinin keçirilməsində əsas məqsəd diaqnostika sahəsində təcrübə mübadiləsi aparmaq, cərrahi müdaxilənin optimal yollarını müəyyənləşdirməkdir. Türkiyədə ortopedik və travmotoloji müalicələr fizioterapiya və reabilitasiya ilə dəstəklənir. Türkiyədə ortopedik və travmotoloji müalicə zamanı xəstəxanalar pasiyentlərin bədən, əzələ, sümük və oynaq problemlərini travmotologiya və ortopediya şöbəsində həyata keçirirlər.
![](https://amu.edu.az/storage/photos/1709206572.IMG-20240229-WA0029.png.jpg)
![](https://amu.edu.az/storage/photos/1709206358.20240229_105516.png.jpg)
![](https://amu.edu.az/storage/photos/1709206614.20240229_105622.png.jpg)
![](https://amu.edu.az/storage/photos/1709206590.20240229_105343.png.jpg)
![](https://amu.edu.az/storage/photos/1709206603.20240229_105516.png.jpg)
![](https://amu.edu.az/storage/photos/1709206610.20240229_105334.png.jpg)
![](https://amu.edu.az/storage/photos/1709206614.20240229_105622.png.jpg)